AZ

Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada 20 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada 20 nəfəri, o cümlədən bir Rusiya və iki ABŞ vətəndaşını inzibati qaydada saxlayıblar. Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanının məlumatında deyilir. “Polis İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) və 173-cü (polisə tabe olmama) maddələri ilə 20 nəfəri saxlayıb. Saxlanılanlardan 3-ü xarici ölkə vətəndaşları, o cümlədən Rusiya Federasiyasının vətəndaşı 2002-ci il təvəllüdlü G.B., habelə ABŞ vətəndaşı 1995-ci il təvəllüdlü P.X., və şəxsiyyətini açıqlamaqdan imtina edən həmin ölkənin vətəndaşıdır", - deyə idarənin açıqlamasında bildirilir. Daxili İşlər Nazirliyi əlavə edib ki, onlar artıq rusiyalının saxlanılması ilə bağlı İsveçrənin Tbilisidəki səfirliyinə, eləcə də amerikalıların saxlanması ilə bağlı ABŞ diplomatik nümayəndəliyinə məlumat veriblər. Xarici agentlər haqqında qanun layihəsinin əleyhdarları bazar günü növbəti aksiya keçiriblər. Onlar mayın 13-də səhər saatlarında hüquq məsələləri komitəsinin iclasında deputatların təşəbbüsə üçüncü oxunuşda baxılmasına başlamasının qarşısını almaq üçün Rustaveli prospektindəki parlamentə toplaşıb və gecəni orada qalıblar. Bazar ertəsi səhər saatlarında polis etirazçıları parlamentin xidmət girişlərindən uzaqlaşdırıb. Artıq Hüquq Komitəsi qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Prezident Salome Zurabişvili, müxalifət və Qərb diplomatları onun əleyhinə çıxış edərək, onu respublikanın Avropa İttifaqına inteqrasiyasına maneə hesab edirdilər. ABŞ Dövlət Departamenti qanun layihəsinin ölkənin canlı vətəndaş cəmiyyətini sarsıtmaq məqsədi daşıdığını bildirib. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının liderləri iddia edirlər ki, bu, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığını təmin etmək məqsədinə xidmət edir. Zurabişvili bildirib ki, qanun layihəsi hər üç oxunuşda qəbul edilərsə, ona veto qoyacaq. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
50
bizimyol.info

10Mənbələr