AZ

Qubadlı rayonunda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

2024-cü il 10 may tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ilinin tamam olması ilə əlaqədar tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-ın inzibati-ərazi dairəsi üzrə nümayəndələri, ziyalılar, ağsaqqallar iştirak edirdilər.

İlk öncə tədbir iştirakçıları tərəfindən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu. Daha sonra Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yoluna həsr olunmuş film nümayiş olundu.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi - iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir heykəl ucaltmışdır.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərib, özünüdərki və soy-kökə qayıdışı təmin edib,
müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilib. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirib. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşıb. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib.

Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə
gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı-Milli Qurtuluş Günü kimi qeyd edir. Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti davam edəcək. Ümummilli lider Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Hər birimiz Azərbaycanın sabahları naminə, Ulu Öndərin irsini həyat yolumuza örnək bilərək həmin zirvənin işığında addımlayırıq.

Qeyd olundu ki, Heydər Əliyev ideyasının ən uğurlu və ən parlaq nümunəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsidir. Ordumuzun parlaq qələbəsi şanlı tariximizdə “ Zəfər Qələbəsi ” kimi yadda qalmışdır. Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən, qətiyyətli siyasəti nəticəsində uzun illərdən bəri qələbə müjdəsini gözləyən xalq qalib xalq kimi gələcəyə ümidlə baxaraq Azərbaycan tarixində son 200 ildə ilk dəfə Azərbaycan sərkərdəsinin – Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər ordumuzun qələbəsini “8 noyabr Zəfər Günü” kimi qeyd edir. Bu isə Heydər Əliyev siyasətinin Azərbaycanda alternativi olmadığının ən bariz nümunəsidir. Bu siyasət İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha da qüdrətli dövlətə çevrilməsinə, xalqımızın firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.

Bu gün Ümummilli Liderin və bütün şəhidlərin ruhu şaddır, çünki müqəddəs missiya yerinə yetirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik erməni işğalına 44 gündə son qoydu. Bu tarixi Zəfər Prezident İlham Əliyevin müdrik siyasəti, güclü iradəsi, beynəlxalq təzyiqləri layiqincə dəf etməsi, rəşadətli Ordumuzun misilsiz şücayəti və Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində qazanıldı. Torpaqlarımızı düşmən işğalından azad etməklə Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu, vəsiyyətini həyata keçirmiş oldu. Məhz Ulu öndərin əsasını qoyduğu müdrik, düşünülmüş siyasəti dövrün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünyada
söz sahibinə çevrilib.

Tədbirdə rayonun Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbinin tarix müəllimi Ayna Həsənova və İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin tarix müəllimi Ramin Heydərov məruzə ilə çıxış etdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
367
50
unikal.az

10Mənbələr