AZ

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Buxarest, 10 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycanın Rumıniyadakı səfirliyi və Rumıniyada Azərbaycanın Dostları Assosiasiyası tərəfindən tədbirlər təşkil olunub, ulu öndərin Buxarest şəhərindəki “Tey” parkında yerləşən büstü ziyarət edilib, abidənin önünə əklillər və tər çiçəklər qoyulub.

AZƏRTAC xəbər verir ki, daha sonra tədbir Azərbaycanın Rumıniyadakı səfirliyində davam etdirilib. Əvvəlcə tədbir iştirakçıları səfirliyin foyesində təşkil edilmiş, dahi şəxsiyyətin həyatının müxtəlif mərhələlərini özündə əks etdirən zəngin fotosərgi ilə tanış olublar.

Səfirlikdə keçirilən konfransda çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı cəsarətli siyasətin nəticələrindən danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənov Azərbaycanla Ruminiya arasında dostluq və əməkdaşlığın qurulmasında Ümummilli lider Heydər Əliyevin rolu haqqında çıxış edib, Rumıniya dövlət başçılarının Azərbaycan xalqının şanlı oğlu haqqında səsləndirdikləri fikirlərdən sitat gətirib.

Konfransın moderatoru, Buxarest Universitetinin doktorantı Salatın Şamilova məruzəsində Heydər Əliyev irsi və onun gənc nəslin tərbiyəsinə təsirini qeyd edib, bu kontekstdə ötən əsrin 90-cı illərində dünyaya göz açmış müstəqil Azərbaycanın vətəndaşlarının müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimizin 44 günlük Vətən müharibəsində qələbə qazanmasına və ölkəmizin ərazi bütövlüyünü təmin etməsinə toxunub.

Tədbirin sonunda mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən film nümayiş etdirilib, açıq havada çay süfrəsi təşkil olunub.

Mərasimdə Azərbaycanın və Türkiyənin Rumıniyadakı səfirliklərinin, “SOCAR Petroleum SA” şirkətinin, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
353
50
azertag.az

10Mənbələr