AZ

Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında ll minifutbol turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın həlledici matçları Bakı Tennis Akademiyasında baş tutub.

Öncə bürünc medalçının adına aydınlıq gəlib. Daxili İşlər Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin komandaları arasında mübarizədə birincilər 5:0 hesabı ilə qələbə qazanaraq, 3-cü yeri tutublar.

Ardınca komandaların paradı keçirilib və Dövlət Himni səsləndirilib. Bədii hissədə taekvondoçuların nümunəvi çıxışları olub, “Dərviş Band”ın ifası səsləndirilib.

Finalı gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, AFFA-nın baş katibi Sərxan Hacıyev, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, turnirdə iştirak edən qurumların əməkdaşları da izləyiblər.

Azərbaycan millisinin sabiq futbolçuları Ruslan Abışov və Elvin Məmmədovun topa simvolik toxunuşu ilə həlledici görüş start götürüb. Finalda Fövqəladə Hallar Nazirliyi və Ədliyyə Nazirliyinin komandaları üz-üzə gəliblər. Görüşdə ikincilər 2:1 hesabı ilə qələbə qazanaraq, qalib adına sahib olublar.

Yekunda qalib komandalar mükafatlandırılıblar. Onlara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, müavini Marina Vasileva, nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Bakı Tennis Akademiyasının direktoru Mehman Qocayev, Fövqəladə Hallar Nazirliyi katibliyinin rəisi Hikmət Səmədov təqdim ediblər.

Yarışının ən yaxşı oyunçusu Anar İsgəndərov, ən yaxşı qapıçısı Ələddin Cəlalov, ən yaxşı bombardiri İsmət Ələsgərov olub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Minifutbol Federasiyasınım təşkilatçılığı ilə təşkil olunmuş turnirdə 52 dövlət qurumunun komandası mübarizə aparıb.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
15
idman.biz

10Mənbələr