“Bizim 4 kəndimizin qaytarılması Azərbaycanın tələbi idi və bu, həyata keçir. Qalan 4 kəndimizlə bağlı məsələ də delimitasiya prosesi çərçivəsində qarşılıqlı razılaşma ilə həll olunacaqdır. Yəni, ərazilərimizdən bir qarış belə Ermənistana heç vaxt güzəşt olunmayacaq. Proseslərin sürətlənməsi göstərir ki, sülh müqaviləsi ilə bağlı bir sənədin yaxın zamanlarda imzalanması gözləniləndir”. Deputat qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra dövlətlər arasında münasibətlərin formalaşdırılması prosesi başlanacaq: “Bu, həm diplomatik əlaqələrin yaradılması, parlament səvviyyəsində münasibətlərin formalaşdırılması və iqtisadi əlaqələrin qurulması ilə davam etdiriləcəkdir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir. Bu gün ölkələrimiz arasında qalmış fikir ayrılığı yaradan bir neçə məsələ də ölkələr arası münasibətlər formalaşandan sonra öz həllini tapa bilər”. Azər Badamov hesab edir ki, Azərbaycanla sülhə imza atılması Ermənistana böyük imkanlar yaradır: “Azərbaycan birmənalı şəkildə sülhü və əməkdaşlığı dəstəkləyir. Qonşu ölkələr arasında düşmənçilik əbədi davam edə bilməz. Müqavilənin imzalandığı ilk vaxt keçid dövrü olacağından bir müddət ərzində müəyyən çətinliklər yaratsa da, gələcəkdə qonşu kimi birgə yaşamaqdan başqa yol yoxdur. Sülh müqaviləsinin imzalanması məhz buna görə lazımdır”.
Gülbəniz Hüseynli / Metbuat.az