AZ

"ABŞ hesab edir ki, onların Rusiya ilə ədavəti var deyə bütün dünya Rusiyadan imtina etməlidir"

ABŞ Rusiyaya qarşı yeni sanksiyalarını elan edib. ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda sanksiyaların məqsədinin Rusiyanın Ukraynada qanunsuz müharibə aparmaq üçün onun hərbi imkanlarını məhdudlaşdırmaq olduğu bildirilib. Sanksiyalar Rusiya ilə yanaşı Çin, Azərbaycan, Türkiyə, Belçika və BƏƏ-dəki şirkətlərə də tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin saytında Azərbaycandan sanksiya tətbiq olunan şirkətin "Lahıc Energy" MMC olduğu açıqlanıb. Şirkətin 2023-cü ildə ABŞ sanksiyaları altında olan Rusiyaya texnologiya istehsalçıları adından biznes aparmağa cəhd etdiyi bildirilib. Ümumilikdə sanksiya siyahısı 29 fiziki və 250-dən çox hüquqi şəxsi əhatə edib. Türkiyədən siyahıda 17 şirkət yer alıb. Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Rusiya ilə əməkdaşlıq edən digər ölkələrin şirkətlərinə də ikinci dərəcəli sanksiya tətbiq etdiyini açıqlayıb. Bu sanksiya paketinə Çin, Belçika, Türkiyə, Azərbaycan və BƏƏ şirkətləri daxil olduğu bildirilir. Azər Badamov Deputatın fikrincə, ABŞ hesab edir ki, onların Rusiya ilə ədavəti var deyə bütün dünya Rusiyadan imtina etməlidir. Bu, əsla belə deyil. Çünki, hər ölkənin özünün milli maraqlarına əsaslanmış müstəqil siyasəti var. “Müstəqil ölkələr ona görə müstəqildirlər ki, onlar özlərinin milli maraqlarını hər şeydən üstün tutan siyasətə xidmət edirlər. Bu baxımdan Rusiya ilə əməkdaşlıq edən şirkətlərə sanksiyaların tətbiq olunmasını ABŞ-ın Rusiyaya qarşı gücsüzlüyünün nümayişi hesab edirəm. Əgər kifayət qədər güclü ölkəsənsə, öz işini özün həll et. Yoxsa digər ölkələri öz ədavətinə niyə çəkəsən ki? Azərbaycanın həm ABŞ-la, həm də Rusiya ilə əməkdaşlıq əlaqələri var. O cümlədən, Rusiya bizim yaxın qonşumuzdur. Ona görə də ölkələrimiz arasındakı əməkdaşlıq qarşılıqlı fayda əsasında qurulduğundan sanksiyalar kimi məhdudiyyətlərin bu əməkdaşlığın davam etdirilməsinə kölgə salacağını hesab etmirəm”-deyə deputat vurğulayıb. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
Mənbələr
Şərh ()
Bağla