AZ

Ukrayna Rusiyadan qaz tranzitindən imtina edəcək: Avropa donacaq?

Ukrayna qiymət artımının qarşısını almaq üçün Avropa İttifaqı ölkələrini qaz anbarlarını Rusiyanın hücumlarından qorumağa kömək etməyə çağırıb. Avropa hələ də Ukrayna anbarları ilə maraqlanır.

Valyuta.az xəbər verir ki, "Financal Times" bu barədə "Naftogaz"ın icraçı direktoru Oleksiy Çernışova istinadən yazıb.

"Aİ Ukraynanın qaz infrastrukturunun Avropanın enerji sisteminə yaxşı inteqrasiyasını nəzərə alaraq, anbar, nəqliyyat və istehsal obyektlərinin qorunmasında maraqlıdır", deyə Çernışov bildirib.

Şirkətin Ukraynanın qərbində yerləşən qaz anbarları bir neçə dəfə Rusiya tərəfindən hücuma məruz qalıb, lakin ziyan yalnız yerüstü obyektlərə dəyib. Səthdən 3 km-ə qədər dərinlikdə olan yeraltı çənlərə təsir etməyib.

Eyni zamanda, Çernışov qeyd edib ki, ABŞ-ın yardımı Ukraynanın müdafiəsinə kömək edəcək, lakin infrastrukturun və aktivlərin sonrakı mühafizəsi üçün çox böyük sayda hava hücumundan müdafiə texnikasına ehtiyac var.

Onun sözlərinə görə, Avropa ölkələri bu il də saxlama anbarlarından istifadə etməkdə maraqlıdır. Şirkət Ukraynada saxlanılan Avropa təbii qazının həcmini keçən il 2,5 milyard kubmetrdən bu qış 4 milyarda çatdırmaq niyyətindədir.

Ukrayna da 2019-cu ildə "Naftoqaz"ın Rusiyanın "Qazprom" şirkəti ilə imzaladığı müqaviləyə əsasən Rusiya qazını öz ərazisindən keçirməyə davam edir. Lakin Ukraynanın tammiqyaslı işğalından sonra Rusiya bu marşrutla Avropaya qaz tədarükünü kəskin şəkildə azaldıb və hazırda Ukraynadan keçən qaz Aİ-yə ümumi tədarükün 5%-dən azını təşkil edir.

"Naftoqaz"ın "Qazprom"la müqaviləsi bu ilin sonunda başa çatır və Çernışov Ukrayna şirkətinin müqaviləni uzatmayacağını bildirib. Bu o deməkdir ki, 2025-ci ildən çox güman Rusiya qazı Ukrayna ərazisindən keçməyəcək və bu da ölkələri alternativ tədarük mənbələri axtarmağa məcbur edəcək.

Eyni zamanda, "Naftoqaz" nümayəndəsi qeyd edib ki, şirkət Rusiya qazının tranzitindən qazanc əldə etmir, əksinə, özünə zərər vurur.

Əksər analitiklər hesab edir ki, anbarlardakı qazın miqdarı Aİ-yə gələn qış qıtlığından qaçmağa imkan verəcək, lakin bəziləri Rusiya qazının itirilməsi ilə bağlı risklərin hələ də qaldığını deyir.

"15 milyard kubmetr itki özlüyündə yaxşı deyil, lakin dəhşətli deyil. Amma Asiya və Avropada qaza tələbat artarsa ​​və qış soyuq keçərsə, o zaman 2025-ci ilin birinci rübündə, yəni qışın pik dövründə qaz balansları əhəmiyyətli dərəcədə azalacaq", deyə "BNP Paribas"ın baş əmtəə strateqi Aldo Spanier bildirib.

Lakin Çernışov hesab edir ki, bu qazın itirilməsinin Avropa üçün cüzi nəticələri olacaq.

Paşa Məmmədli


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
36
Mənbələr
Şərh ()
Bağla