AZ

Sülh sazişi sərhəddə imzalana BİLƏR

Azərbaycan və Ermənistan sülh sazişi istiqamətində ciddi yol qət edib. Artıq iki ölkə arasındakı sərhəddə delimitasiya və demarkasiya prosesinə start verilib, sərhəd dirəklərinin quraşdırılmasına başlanılıb.

 

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

 

İki ölkənin xarici işlər nazirləri tezliklə Qazaxıstanın Almatı şəhərində görüşərək danışıqlar aparacaqlar. Tərəflər görüşə razılıq verib, hazırda görüşün tarixi razılaşdırılır.

 

Artıq sülh sazişinin tezliklə imzalana biləcəyi ilə bağlı müzakirələr aparılır. Bir çox ekspert sazişin sərhəddə imzalanmasını təklif edir.

 

"Sərhəddə sülh sazişinin imzalanması mümkündür"

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu söyləyib ki, sülh sazişinin sərhəddə imzalanması mümkündür:

 

“Lakin bütün hallarda həlledici amil kimi Azərbaycanın hazırkı güc mövqeyi çıxış etməkdədir. Ermənistan 2020-ci ildən sonra, 2023-cü ilin sentyabrında biz antiterror tədbirləri həyata keçirənə qədər çox çalışırdı ki, gərginlik yaransın. Ermənistan Azərbaycana qarşı siyasi hücumların mərkəzində yer alır və məğlub durumunu nisbətən də olsa, dəyişməyə çalışırdı. Azərbaycan Prezidenti öz müdrik siyasəti və qətiyyəti ilə Ermənistanın bütün manevr imkanlarını əlindən aldı. Biz bunu xüsusi qeyd etməliyik. Bu gün Ermənistan məsələləri bizimlə müzakirə edirsə, bu, Azərbaycanın qətiyyətinin, gücünün göstəricisidir. Dəfələlərlə, qeyd edirdim ki, Azərbaycan Ermənistanı sülhə məcburetmə siyasəti yeridir. Məhz hazırkı durum bu strategiyanın nəticəsidir. Bunu xüsusi vurğulamaq lazımdır. Ermənistan heç vaxt öz xoşu ilə konstruktiv mövqe sərgiləməzdi və bundan sonra da sərgiləməz. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkündür. Bunu şərtləndirəcək amil rolunda Azərbaycanın hərbi və diplomatik gücü, Azərbaycan Prezidentinin iradəsi, məsələlərə strateji baxışları çıxış etməkdədir. Bu, bizim tarixi qələbəmizin çəkisini daha da artırır”

E.Mirbəşiroğlu Cənubi Qafqazda Ermənistandan alət kimi istifadə etmək istəyənlərin olduğunu qeyd edib:

 

“Azərbaycan bu məsələdə də öz aydın mövqeyini aydın şəkildə ortaya qoyub. Bununla da tək ölkəmizi yox, ümumilikdə regionu kənar müdaxilələrdən qoruyuruq. Bu gün Azərbaycanın addımları, iradəsi, regional təhlükəsizliyin təmin olunmasında əlahiddə rol oynamaqdadır.  Azərbaycan münaqişə vəziyyətini aradan qaldırmaqla, Cənubi Qafqazda yeni təhlükəsizlik mühitini formalaşdırdı. Ermənistan Azərbaycanın gücü qarşısında geri çəkilmək məcburiyyətində qalır. Paşinyan Tavuşda sərhədboyu ərazidə yaşayan əhali ilə görüşü zamanı da açıq ifadə etdi ki, Azərbaycanın kəndlərini geri qaytarmaslar, müharibə qaçılmaz olacaq. Müharibənin də bu ölkəyə təsirinin necə olacağını da Ermənistan çox gözəl anlayır. Ermənistanı dəstəkləyən qüvvələr də bu ölkəni Azərbaycana qarşı təxribat törətməyə sövq etdikdən sonra yaranacaq vəziyyətdə sonacan müdafiə etmək imkanında olmayacaqlarını yaxşı bilirlər. Azərbaycan özünün haqlı mövqelərini qətiyyətlə müdafiə etmək iradəsini nümayiş etdirib. Yekun olaraq, vurğulamaq istəyirəm ki, Azərbaycanın uğurla davam etdirdiyi Ermənistanı sülhə məcburetmə strategiyası öz nəticəsini verməkdədir”.

Politoloq Turab Rzayev COP29-a qədər sülh sazişinin imzalanmasının lazım olduğunu düşünür:

 

“Sülh sazişinin sərhəddə imzalanması tamamilə mümkündür. Azərbaycanla Ermənistan bir sıra məsələlərdə artıq qarşılıqlı razılaşmağa başlayıb. Bu, əvvəlcə özünü sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı kommisyaların yaradılmasında göstərdi. Daha sonra Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılığa gəlindi. Bu, çox mühüm məsələ idi. Sərhədlərin demarkasiyası başlanıldı. Bu, artıq ölkələrin bir-birinin sərhədini, ərazi bütövlüyünü tanıması deməkdir. Ortada həlli çətin olan çox az məsələ var. Sadəcə olaraq Naxçıvana maneəsiz keçid məsələsi qalıb. Telekommunikasiya xətlərinin açılması məsələsi də düşünürəm ki, həll olunacaq. Mən noyabr ayına, COP29 konfransına qədər  sülh sazişinin imzalanmasını istərdim. Həmin dövrə qədər bu olmasa belə, sülh sazişi qaralama şəkilində ilkin mərhələdə razılaşdırıla bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
Mənbələr
Şərh ()
Bağla