AZ

Avropa İttifaqı-Çin yaxınlaşmasının PƏRDƏARXASI: ABŞ bu ölkəni ciddi rəqib və təhdid olaraq görür

“Çinin Rusiya ilə yaxın münasibətləri olsa da, əslində, hər iki dövlət bir-birilərinə ehtiyatla yanaşır”.

Bu sözləri Yenicag.az-a açqılamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O, Rusiyaya qarşı həyata keçirilən sanksiyalar fonunda Avropa İttifaqı (Aİ) -Çin yaxınlaşmasının pərdəarxası məqamlarını şərh edib.

Siyasi şərhçiyə görə, Çin bilir ki, Rusiya Ukrayna savaşından qalib ayrılacağı halda, o zaman özü üçün müəyyən rəqibə çevrilə bilər.

“Eyni zamanda, Rusiya da Çindən ehtiyat edir və hesab edir ki, Çin qlobal gücə çevriləcəyi halda, Rusiya üçün ciddi problemlər yarana biləcək. Əslində, çoxqütblü dünyaya keçid prosesində dövlətlərarası münasibətlərdə bu məsələlər daha çox önə çıxır. Bilirik ki, Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında müəyyən fikir ayrılıqları həmişə olub. Xatırladım ki, Donald Trampın hakimiyyəti dönəmində Vaşinqtonla Parisin münasibətlərində çox ciddi problemlər var idi və bu, açıq müstəviyə daşınmışdı. Çünki Aİ-nin müstəqil siyasət yürütmə cəhdləri və öz iqtisadi maraqlarını təmin etməyə çalışması, ABŞ-ni çox ciddi şəkildə narahat edirdi ki, bununla bağlı Fransada “sarı jiletlilər”in iğtişaşları baş verdi və bu təsadüfi deyildi. Yəni həmin dövrdə Aİ və ittifaqın siyasi mərkəzi sayılan Fransaya ciddi şəkildə təzyiqlər olundu”, – deyə o bildirib.

Onun fikrincə, son zamanlar – Bayden dönəmində isə Aİ ABŞ-nin boyunduruğu altına keçdi və onun diktəsi ilə siyasət yürüdür:
“Amma Rusiya ilə problemlərin dərinləşməsinə məcbur edilən Aİ daha çox iqtisadi zərər görməyə başladı ki, müəyyən məqamlarda, xüsusilə də Almaniya bununla bağlı etiraz səslərini ucaltsa da, Birləşmiş Ştatların təzyiqlərini üzərində hiss edən qoca qitə onun tezislərindən kənara çıxmağa cəsarət etmədi. Lakin görünən odur ki, ABŞ-nin siyasi maraqlarına xidmət edən Aİ daha çox iqtisadi zərər çəkməyə başladı. Bu kontekstdə məsələyə baxsaq, Aİ-nin Çinlə münasibətlərini iqtisadi müstəvidə irəliyə daşıması onun maraqlarına uyğundur, lakin burada yenə də Birləşmiş Ştatlar faktoru önə çıxır”.

Ə.Zülfüqaroğlunun qənaətinə görə, ABŞ Çini özünə çox ciddi rəqib və təhdid olaraq görür.
“Həm Tramp, həm də Bayden hökuməti zamanında Çinlə bağlı ciddi sanksiyalar və siyasi-iqtisadi qarşıdurmaların şahidi olduq. Ona görə də Aİ-nin Çinlə münasibətlərini irəliyə daşımaq perspektivi olsa da, ABŞ-nin buna müsbət yanaşacağımı heç düşünmürəm. Ona görə də biz Aİ-Çin münasibətlərinə ABŞ kontekstində yanaşmalıyıq. Bu isə o deməkdir ki, Aİ-Çin münasibətlərinin yaxın perspektiv üçün heç bir nəticəsi olmaya bilər”, – deyə o yekunlaşdırıb.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
30
Mənbələr
Şərh ()
Bağla