AZ

Ermənistanda gərginlik – kilsə, ordu və diaspor qütbü

Ermənistanda Azərbaycanla delimitasiya məsələləri, o cümlədən, Qazaxın dörd kəndinin geri qaytarılması ilə başlanmış isterik durum bütün hədləri aşmaqdadır. Baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələr xeyli aktivləşiblər. Bu aktivləşmənin iki əsas, bir yardımçı qütbü nəzərə çarpmaqdadır. Birincisi ordu, ikincisi kilsə. Yardımçı qütbə gəlincə, bu, xaricdəki erməni lobbi və diaspor təşkilatlarıdır. 
Deməli, Ermənistandakı revanşistlər “Vətən naminə Tavuş” hərəkatına start veriblər. Onlar şüar şəklində bildirirlər ki, “belə getsə, tezliklə sərhəd dirəkləri İrə­vanda basdırılacaq”. Eyni zamanda, pay­taxt küçələrində Azərbaycanla sərhəddə qoyulmuş ilk sərhəd dirəyinin maketləri nümayiş etdirilir, ölkəmizlə bağlı aqres­siv ritorikanın daha da gücləndirilməsinə çalışılır. Hadisələr 1988-ci ili xatırladır. O zaman başıpozuq millətçilər “Miatsum” adlanan hərəkat yaratmışdılar. Hərəkatın məqsədi Qarabağın Ermənistana birləş­dirilməsi idi. Hazırda “Miatsum” tarixin zibilliyindədir. Bu mənada “Vətən naminə Tavuş” da ölü doğulmuş körpədir. Sadə­cə olaraq, kilsənin başçılıq etdiyi, ideoloji motivlərlə silahlandırdığı revanşistlər onu obrazlı desək, süni nəfəs aparatına qo­şublar. Ümid bəsləyirlər ki, sağ qalacaq. 
Bəli, Ermənistan – Azərbaycan sər­hədindəki Kirants kəndi ərazisində döv­lətlərarası avtomobil yolunun bağlanması ilə ifadə olunan narazılığın tərəfdarları bir neçə gün ərzində xeyli çoxalıb. Aksiyalar zamanı onlarla insan saxlanılıb. Bəzi si­yasi analitiklər mövcud fonda baş verən­ləri “üsyan” kimi qiymətləndirərək, qeyd edirlər ki, hərəkat hələlik yerli xarakter daşısa da, hakimiyyətin reputasiyasına zərbə vura bilər. 
Üstəlik, etirazların ciddi miqyas ala bilmək pesrpektivi də nəzərdən keçirilir. Kilsə amilini nəzərə alsaq, hərəkata er­məni apostol kilsəsinin yüksək rütbəli nü­mayəndələrinin rəhbərliyi adi sayıla bil­məz. Onu da nəzərə alaq ki, hakimiyyətlə kilsə arasında münasibətlər korlanıb. O kilsə ilə ki, həm erməni şovinist-revan­şizminin ilhamvericisi qismində çıxış edir, həm də hazırkı xəstə cəmiyyətin maraq­larının müdafiəçisi obrazına malikdir. 
Bununla belə, siyasi analitiklər Er­mənistandakı narazılıqların o qədər də böyük potensiala malik olmadığını vurğu­layırlar. Onlar anti-Paşinyan ritorikasının ümummilli xarakter daşımaq potensi­alından uzaqlığını vurğulayırlar. Hətta, narazılıq dalğasının bumeranq effekti yaradaraq, hakimiyyətin öz mövqeyini gücləndirəcəyini söyləyənlər də var. So­nuncuların fikri budur: Paşinyan və ko­mandası hazırkı iqtidara qarşı çıxan qüv-vələrə bütün potensiallarını xərcləmək üçün imkan yaradır ki, axırıncı güllələrini atsınlar. Bütün bunların fonunda siyasi müxalifətin, faktiki olaraq, iflasa uğradığı­nı söyləmək mümkündür. 
Bəli, erməni kilsəsi mövcud vəziyyət­də öz mövqeyini mümkün qədər aydın bildirməyə qərar verib. İndi bir çox ke­şişlərin narazılıq dalğasında təmsilçiliyini düşünsək, Ermənistanda, belə demək mümkünsə, ayrıca kilsə müxalifətinin formalaşdığını söyləmək yerinə düşər. Diqqət yetirək, hazırda Ermənistandakı bir çox hökumətyönlü teleqram kanal­ları, az qala, ən nalayiq ifadələrlə kilsə­ni tənqid edirlər. Bu cür təbliğatın, yəni, “qurşaqdan aşağı zərbələr”in isə haki­miyyətin əleyhinə işləmə ehtimalı var. Həm də ona görə ki, prinsip etibarilə, kil­sə Ermənistan üçün uzunmüddətli amil­dir, onun öndə olduğu proseslər davamlı hadisələr silsiləsi kimi qəbul edilir. 
***
Vurğuladığımız kimi, Ermənistan­da kəndlərin Azərbaycana qaytarılma­sı, sərhəd dirəklərinin quraşdırılması məsələsəndəki narazılıqların ikinci qüt­bündə ordu dayanır. Nəzərə alaq ki, pro­seslərə hərbi qulluqçular da qoşulublar. Hazırda ölkədə yaşananlar 2018-ci ili xa­tırladır. O zaman hərbçilər hökumət əley­hinə etirazlarda yer alırdılar. Deməli, kilsə ilə yanaşı, ordunun da siyasi proseslərdə iştirakı məsələsi aktuallaşır. 
Haşiyə çıxaq ki, 2018-ci ildə aksiya­lara sülhməramlı batalyonun qoşulması (bu, Ermənistanda hakimiyyət dəyişikli­yinə səbəb oldu – red.) və kifayət qədər mərkəzləşdirilmiş hadisə idi. Görünür, mövcud amil nəzərə alınıb və bu səbəb­dən hazırda Ermənistanda aksiyalara qoşulan hərbçilər məhkəmə yolu ilə hə­dələnir, cəzalandırılır və s. Lakin durum 2018-ci ildəki vəziyyətdən məhz onunla fərqlənir ki, indi yaşananlar mərkəzləşdi­rilmiş etiraz aksiyaları şəklində deyil. 
Ümumən, haqqında söz açdığımız ordu amili məsələsindəki vəziyyət belədir ki, bir qrup hərbçi sərhədlərin delimitasi­yasına etiraz edən narazı kütlə ilə həm­rəyliyini göstərir. Həmin qrupda yer alan­ların bu addımı uzun müddətdir davam edən hərbi çevrilişlə bağlı müzakirələri aktivləşdirib. Silahlı qüvvələr içərisində baş nazirə qarşı narazı zabit heyətinin olduğu və həmin heyətin hakimiyəti de­virmək üçün fürsət gözlədiyi aydındır. 
Nikol və onun təyin etdiyi müdafiə nazirləri orduya tam nəzarəti gerçəkləş­dirə bilmirlər. Səbəb sadədir – orduda Qarabağ klanının qalıqları həddən artıq çoxdur. Bu çoxluq 1998-ci ildən bəri ge­dən prosesdir. Çünki klan həmişə özünü Ermənistan siyasi industriyasına yad he­sab edib. Ona qarşı ölkə daxilində anti­patiya olub. Qarabağ klanının təmsilçiləri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan özlərinə qarşı narazılığın fərqinə vardıqlarından çalışıblar ki, ordu­nu əldə möhkəm saxlasınlar. Bunun yolu isə hərbi sistemə öz kadrlarını yerləşdir­mək idi. 
Məhz dediklərimizə görədir ki, hazır­da ordu N.Paşinyan hakimiyyətinin ən yaralı yeridir. Ermənistanın mövcud haki­miyyəti nə qədər çalışsa da, bu sahədəki islahatlar əməli nəticə vermir. Əslində, bu məqam subliminal şəkildə ABŞ Döv­lət Departamentinin bir neçə gün əvvəl açıqlanmış hesabatında da vurğulanıb. Hesabatda hərbi sistemdə insan hüquq və azadlıqlarına etinasız yanaşmaların baş alıb getdiyi vurğulansa da, aydındır ki, belə hallara görə erməni iqtidarının pislənməsindəki motiv başqadır. Yəni, Qərb Paşinyana silahlı qüvvələri qayda­ya salmaqla əlaqədar mesaj verir. Görü­nür, Nikolun xaricdəki hamiləri onun zəif yerini, kifayət qədər, yaxşı təhlil edirlər. Qərbdə anlayırlar ki, Ermənistan ordusu Paşinyan iqtidarı üçün hər an partlamağa hazır bombadır.
Əlbəttə, ordunun ayrıca müstəqil orqanizm kimi istədiyini gerçəkləşdirə bilmək potensialının olmadığını vurğula­malıyıq. Deməli, haqqında söz açdığımız kilsə amili dövriyyəyə girməlidir və girir də. Nəzərə alaq ki, Ermənistan iqtidarı­nın hakimiyyətdə olduğu müddətdə də­yişmək üçün qol çırmamağı bacarmadığı sahələrdən biri də məhz kilsədir. 
***
Paşinyan iqtidarının xaricdəki erməni lobbi və diaspor təşkilatlarına təsir iradə­si də yoxdur. Bu tendensiya özünü son zamanlar daha qabarıq formada göstər­məkdədir. Nəzərə alaq ki, əvvəlki Ermə­nistan hakimiyyətləri ilə lobbi və diaspor arasında dərin bağ, birgə fəaliyyət kursu var idi. Hazırda bu kursdan əsər-əlamət qalmayıb. İkincilər Nikolu və komandası­nı ölkənin maraq və mənafelərini qoruya bilməməkdə təqsirləndirirlər. Buna görə də hazırda ona qarşı çıxan qüvvələrin ordu və kilsə təmayülü ilə yanaşı, diaspor qütbü də var. Məlum olduğu kimi, bu qütb qondarma “erməni soyqırımı”nın bir neçə gün əvvəl qeyd olunmuş növbəti ildönü­mü ilə bağlı fəallıq nümayiş etdirdi. Er­mənistan hakimiyyətinin yanaşması, xü­susən də “erməni soyqırımı” xüsusunda ortaya atdığı mübahisələndirici diskurs xaricdəkiləri qəzəbləndirdi. 
Diqqətə çatdırdıqlarımızın fonunda Ermənistandakı durumun gərginliyini vur­ğulamalıyıq. Onu da bir daha bildirməli­yik ki, hazırda delimitasiya və kəndlərin Azərbaycana qaytarılması müstəvisində başlanmış etirazların ümummilli xarak­ter alacağını söyləmək mümkünsüzdür. Mövcud qeyri-müəyyənlik şəraitində Pa­şinyan iqtidarının istədiyini reallaşdırma­sı perspektivi daha real görünür. Necə deyərlər, it hürər, karvan keçər. 
Ə.RÜSTƏMOVXQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
Mənbələr
Şərh ()
Bağla