AZ

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Məhkəmə-Hüquq

Bakı, 25 aprel, AZƏRTAC

“Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmə islahatlarının mərkəzində yer alan aparıcı qüvvə kimi digər dövlət orqanları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübəni öyrənib və təhlil edib. Nəticədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə hakimiyyətinin institusional potensialının gücləndirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bir çox normativ hüquqi aktlar qəbul olunub. Təbii ki, bütün bunlar ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi, hüquq və azadlıqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərməkdədir”.

AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Arbitraj Günləri tədbirində çıxışı zamanı deyib.

İ.Kərimovun sözlərinə görə, həmin islahatlar ölkənin məhkəmə sistemi ilə məhdudlaşmır, daha geniş sahələri əhatə edir: “Baxmayaraq ki, mübahisələrin alternativ həlli institutları ölkəmizdə yeni deyil, ancaq aparılan son islahatlar bu institutların inkişafına önəmli təkan verib.

Ötən il Azərbaycanda “Arbitraj haqqında" Qanunun qəbul edilməsi ilə arbitraj institutunun inkişafı istiqamətində irəliyə doğru addım atılıb. Yeni Qanun Beynəlxalq Kommersiya Arbitrajı haqqında BMT-nin Model Qanunu əsasında hazırlanıb, bu isə o deməkdir ki, burada sınaqdan keçmiş işlək beynəlxalq təcrübə nəzərə alınıb. Bununla da ölkəmizdə ilk dəfə olaraq qanunvericiliklə həm beynəlxalq, həm də daxili arbitrajın həyata keçirilməsi ilə bağlı münasibətlər tənzimlənəcək. Qanun həmçinin arbitrajın yaradılması və tənzimlənməsi ilə bağlı mühüm aspektləri əhatə edir və nəticədə mübahisələrin alternativ həlli sahəsində, xüsusən də biznes dairələri üçün yeni imkanlar açır.

Yerli məhkəmələr olaraq, arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının, eyni zamanda, arbitraj qərarlarının tanınması və icra edilməsi kimi qanunvericiliklə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə davam edəcəyik. Bu baxımdan yerli məhkəmələr Azərbaycanda arbitraj institutunun uğurlu olması üçün bütün lazımi dəstəyi verəcək. Yeni arbitraj institutu nəinki məhkəmə sisteminin iş yükünü azaldılmasına, həm də sahibkarlara mübahisələrin həlli istiqamətində ən uyğun məkanı seçmək imkanları da yaradacaq.

Əminliklə deyə bilərəm ki, mübahisələrin alternativ həlli sahəsində aparılan hərtərəfli islahatlar ölkəmizdə güclü və etibarlı arbitraj institutunun yaradılmasına önəmli töhfə verəcək, hətta bəlkə də bu institut bütün region üçün nümunə olacaq”, - deyə İ.Kərimov fikirlərinə yekun vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq