AZ

Vaşinqtondan Rusiya-Çin ittifaqına cavab - Xaqani Cəfərli yazır

Xaqani CƏFƏRLİ


Rusiya ilə Çinin həmfikir dövlətlərin iştirakı ilə Avrasiyanın təhlükəsizliyi barədə dialoqa başlamaq haqqında razılığa gəlməsindən və "diktatura, hegemonluq, yeni müstəmləkəçiliyə yer olmayan ədalətli çoxqütblü dünya nizamının yaradılması uğrunda birgə mübarizəyə" başladıqlarını elan etmələrindən sonra ABŞ hərəkətə keçib. Vaşinqtondan yayılan məlumatda qeyd olunur ki, Çin Kommunist Partiyasının Rusiya ilə sərhədsiz tərəfdaşlığına qiymət verməyin vaxtı çatıb. Respublikaçı konqresmen Mayk Qallagerin həmmüəllifi olduğu qanun layihəsi Rusiyaya maddi dəstək verən istənilən Çin şirkətinə qarşı sanksiya tətbiqini nəzərdə tutur. Konqresmen deyib ki, Rusiyanın Ukraynada törətdiyi əməllərə töhfə verən istənilən şirkət Amerika sanksiyalarının bütün gücünü hiss etməyə layiqdir.

"Məhdudiyyətsiz qanun" ("No Limits Act") adlanan qanun layihəsi belə şirkətlərə qarşı "tam bloklayıcı sanksiyalar"ın tətbiq edilməsini nəzərdə tutur. Bu şirkətlərin siyahısını ABŞ hökuməti müəyyənləşdirəcək. Qanun layihəsində deyilir ki, Müdafiə Nazirliyi Çin vasitəsilə Rusiyaya göndərilən texnologiyaların siyahısını müəyyən etməli və onlara daha sərt nəzarət yaratmalıdır. "No Limits Act"ın digər həmmüəllifi Con Moolenar deyib ki, Çin ilə Rusiya "Amerikaya və müttəfiqlərimizə zərər vermək üçün birlikdə çalışırlar". Konqresmen bildirib ki, qanun layihəsi Rusiya ilə əməkdaşlıq edən və Çinin özünün silahlı qüvvələrinin modernləşdirilməsinə köməklik göstərən Çindəki hərbi şirkətlərə qarşı sanksiyaların gücləndirilməsinə xidmət edəcək.

Co Bayden administrasiyası Rusiyaya verdiyi dəstəyə görə Çinə qarşı birgə siyasətin müəyyən edilməsini G-7 ölkələrinin sammitində müzakirəyə çıxaracaq. Qeyd edək ki, Pekinə son səfəri zamanı ABŞ-nin maliyyə naziri Janet Yellen Çin banklarına və şirkətlərinə antirusiya sanksiyalarını pozacaqları halda ciddi problemlərlə üzləşəcəkləri ilə bağlı xəbərdarlıq etmişdi.

Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməyən və Moskva ilə münasibətlərini daha da dərinləşdirən Pekini indi çoxsaylı problemlər gözləyir. ABŞ prezidenti Co Bayden Çinin gəmiqayırma sənayesindəki üstünlüyü ilə bağlı araşdırma başlatdığı haqqında açıqlama ilə çıxış edib. Digər məlumat ondan ibarətdir ki, Çindən idxal edilən polad və alüminiuma tətbiq oluann rüsumlar üç dəfə artırılacaq. Prezident Bayden bəyan edib ki, Çin və digər ölkələrin Meksika vasitəsilə ABŞ-nin məhdudiyyətlərindən yan keçmək cəhdlərinin qarşısını almaq üçün tədbirləri sərtləşdiriləcəklər. Ağ ev Çini bazar qiymətlərindən aşağı polad tədarük etməklə qlobal gəmiqayırma bazarını təhdid etməkdə və rəqabətə zərbə vurmaqda ittiham edir.

Ekspertlər hesab edirlər ki, Vaşinqtonun mövqeyindəki sərtləşmə Çin üçün ciddi problemlər yarada bilər. Qərblə münasibətlərin soyuması sərmayənin azalmasına səbəb olub. Ekspertlərə görə, Çin çətin seçim qarşısındadır. Pekin ya islahatlar kursuna qayıtmalı, ya da problemlərin üstünü ört-basdır etmək siyasətini davam etdirməlidir. Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva da hesab edir ki, Çin yol ayrıcındadır. BVF-nin direktorunun fikrincə, "bazar islahatı paketi" ilə Çin növbəti on beş il ərzində iqtisadiyyatını 20 faiz və ya 3.5 trilyon dollar artıra bilər.

Dünyanın ikinci ən böyük iqtisadiyyatında vəziyyət deflyasiya, əhalinin qocalması və Çinin ən mühüm sektorunda - daşınmaz əmlakla bağlı problemlər səbəbindən mürəkkəbdir. Problemlərdən və nöqsanlardan danışmağı sevməyən Çin dövlət başçısı Si Cinpin də artıq işsizlik və yoxsulluğun artmasından şikayətlənir. Daşınmaz əmlak və tikinti sektoru son iki onillikdə Çinin ən sürətlə inkişaf edən sənaye sahəsi hesab olunurdu. Daxili sərmayələrin dörddə biri daşınmaz əmlaka yönəldilib. Bu sektor Çinin Ümum Daxili Məhsulunun dörddə birini təmin edir. İndi Çinin tikinti sektorunda böyük şok yaşanır. Çinin ən böyük daşınmaz əmlak şirkətlərindən olan "China Evergrande Group"un öhdəlikləri 300 milyard dolları aşıb. İndi Pekin daşınmaz əmlak bazarında borcların restrukturizasiyası və ümidsiz kreditlərdən xilas olmaq üçün 20 illik plan hazırlayır. Bunun qısa müddətdə kömək edib-etməyəcəyi bəlli deyil.

Çinin digər bir problemi şəhər və əyalətlərin borclarının 11 trilyon dollara çatmasıdır. Bu məsələ bütün sistemi domino effekti ilə təhdid edir. Çin indi istənilən böhrana qarşı daha həssas vəziyyətə düşüb. Bu vəziyyətdən Çinin təkbaşına çıxması mümkün görünmür. Buna görə də Çin Qərblə, xüsusilə də Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələrin artırılmasında maraqlıdır. Lakin Pekinin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini qınamaması Çinin ABŞ-la olduğu kimi Avropa ilə də münasibətlərinin daha da soymasına səbəb olub. Pekin Qərbin xeyrinə birmənal seçim etməkdən imtina etməsi Çinin iqtisadiyyatına zərbə vurur. Koronavirus pandemiyası göstərdi ki, ciddi sarsıntılar baş verərsə, Çin tez bir zamanda idarəolunma qabiliyyətini itirir və cəlbediciliyi sürətlə azalır. Çin üçün növbəti sınaq olan Rusiya Ukrayna müharibəsinin uzanması Pekinin kabusuna çevrilib. Rusiyanın Ukraynaya qarşı müharibəsinin sona çatması, ABŞ-Çin münasibətlərinin əhəmiyyətli dərəcədə yumşalması Pekini ən çox qane edən ssenari olsa da, indiki halda mümkün görünmür. Buna görə də Çin daha bədbin ssenariyə hazır olmalıdır. Vaşinqtonun son təşəbbüslərindən sonra bədbin ssenarinin daha tünd rəng alacağı aydın görünür.

 






















Bizi İnstagramda izləyin

Seçilən
80
50
Mənbələr
Şərh ()
Bağla