AZ

Bakıətrafı qəsəbələr içməli sudan korluq çəkməyəcək

Bakıətrafı qəsəbələrdə əhalinin iç­məli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına baş­lanılıb. Dövlət Su Ehtiyatları Agentliyin­dən aldığımız məlumata görə, dövlət investisiyası hesabına icra olunan həmin layihənin reallaşdırılması nəticəsində Abşeron yarımadasının şimal-şərq his­səsində, xüsusilə Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin sahil boyu ərazilə­rində, eyni zamanda, yeni salınmış yaşa­yış massivlərində içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.
Layihəyə əsasən, ərazinin içməli su təchizatı Ceyranbatan sutəmizləyici qur­ğularından qidalanan Maştağa su anba­rından gerçəkləşdiriləcək. Bu məqsədlə anbarın nasos stansiyası yenidən quru­lacaq. Anbardan götürülən su nasoslar vasitəsilə Nardaran qəsəbəsində yeni ti­kilən 10 min kubmetr tutumu olan anbara vurulacaq. 
Hazırda Maştağa və Nardaran anbar­larını əlaqələndirmək məqsədilə 820 mil­limetr diametrli polad borularla 6 kilometr uzunluğunda magistral su kəməri inşa edilir. Yaşayış massivlərinə suyun çatdı­rılması məqsədilə 530 millimetr diametrli polad borularla 11 kilometr uzunluğunda daşıyıcı magistral su kəmərləri çəkilir. Eyni zamanda suyun istehlakçılara çatdı­rılmasını təmin etmək üçün müşayiətedi­ci və paylayıcı su xətləri tikilir. 
Görüləcək iş çərçivəsində, ümumilik­də, 25 kilometr uzunluğunda magistral və paylayıcı su xətlərinin inşası layihələn­dirilib. Layihənin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin tikintisi işlərinin 50 faizi icra olunub. Eyni zaman­da 10 min kubmetr tutumlu yeni su anba­rının tikintisinə başlanılıb, həmçinin yaxın günlərdə nasos stansiyasının yenidən qurulmasına başlamaq nəzərdə tutulub. 
Qeyd edək ki, layihənin əhatə etdiyi ərazidə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yoxdur. Ərazinin bir hissəsin­də əhali tərəfindən fərdi qaydada çəkilən su xətləri də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziy­yətdədir. Şəbəkə olmayan ərazilərdə isə əhali içməli suyu maşınlarla əldə edir. 
Yeni layihənin icrası nəticəsində çimərlik ərazisi boyu istirahət və turizm obyektlərinin də içməli su təchizatı yax­şılaşacaq. Plana əsasən, tikinti-quraş­dırma işləri cari ilin sonuna qədər başa çatdırılacaq. Layihənin icrası Bilgəh, Nar­daran, Maştağa qəsəbələrində, həmçinin yeni salınan yaşayış massivlərində 70 minə yaxın sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan verəcək. 
Yeri gəlmişkən, əhalinin içməli su təchizatının yaxşılaşdırılması təkcə Ba­kıətrafı qəsəbələrdə deyil, həm də res­publikamızın digər ərazilərində diqqət mərkəzində saxlanılır. Məsələn, Prezi­dent İlham Əliyevin aprelin 16-da Ha­cıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoy­ması bunun bariz ifadəsidir. Yeri gəlmiş­kən, bu infrastrukturun yaradılması ilə Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsma­yıllı və Ağsu rayonlarının 112 min hektar­dan çox əkin sahəsini suvarma və yaşa­yış məntəqələrini məişət suyu ilə təmin olunacağı nəzərdə tutulur. 
Qeyd edək ki, Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, ha­belə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şə­kildə həllinin dəstəklənməsi, su ehtiyatla­rından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyə­tinin artırılması məqsədilə cari il aprelin 8-də dövlətimizin başçısı Şirvan suvarma kanalının yenidən qurulması haqqında müvafiq sərəncam imzalayıb. Həmin sərəncama əsasən, Yuxarı Şirvan su­varma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Neftçala şəhərinin içməli su təchi­zatı da yaxşılaşdırılıb. Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq qısa müddət ər­zində Şirvan–Muğan qrup su kəmərindən Neftçalaya birinci magistral su kəməri çəkilib və Salyan şəhəri yaxınlığında tu­tumu 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında şəhərə suyun verilməsi təmin olunub. 2023-cü ildə isə Neftçala rayonunun qəsəbə və kəndlərinin su təchizatına xidmət edəcək ikinci magistral su kəmərinin tikintisi işləri yekunlaşıb.
Beləliklə, yeni yaradılan infrastruktu­run imkanları hesabına ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun 39 yaşayış məntəqəsinin içməli su proble­mi həll edilib. Rayonun qalan 11 yaşa­yış məntəqəsi və Salyan rayonunun 6 kəndi də daxil olmaqla, ümumilikdə, 17 kəndinin su təminatının yaxşılaşdırılma­sı məqsədilə 76 kilometr uzunluğunda kəmər, tutumu 7500 kubmetr olan su an­barı və 1 su nasos stansiyasının inşası layihələndirilib.
Yevlax şəhərini dayanıqlı və keyfiy­yətli içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texno­logiyalı sutəmizləyici qurğular kompleksi inşa edilib. Azərbaycan Dövlət Su Ehti­yatları Agentliyinin məlumatına görə, la­yihənin ilkin mərhələsində ümumi həcmi 2500 kubmetr olan 2 içməli anbarının və 2,6 kilometrlik magistral su kəmərinin in­şası başa çatdırılıb. 
Hazırda Kür çayından nasoslar va­sitəsilə götürülən su əvvəlcə xam su an­barına, daha sonra radial durulduculara ötürülür və çökdürülür. Növbəti mərhələ­də qum süzgəclərdən keçən su zərərsiz­ləşdirilərək təmiz su anbarına toplanır və yeni magistral kəmərlə şəhərin mövcud içməli su şəbəkəsinə verilir. 
Vətən müharibəsindən sonra Qa­rabağ və Şərqi Zəngəzurda da əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsinə mühüm önəm verilib. Ötən il mayın 5-də Prezident İlham Əliyev tərə­findən təməli qoyulan Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi­nin birinci mərhələsinin icrasına başla­nılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən reallaşdırılan layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfə­rin tələbatının ödənilməsinə hesablanıb. 
İlkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin və mərkəzi anbarla­rın tikintisi işləri həyata keçirilir. Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin et­mək məqsədilə Zərgər kəndi yaxınlığın­da ümumi tutumu 20 min kubmetr olan mərkəzi su anbarları inşa edilir. Layihəyə əsasən, Füzuli şəhərinin su mənbəyin­dən götürülən suyun şəhərə çatdırılması­nı təmin etmək üçün 10,7 kilometr uzun­luğunda magistral su kəmərinin inşası yekunlaşıb.
Füzuli şəhərini dayanıqlı və keyfiy­yətli içməli su ilə təmin etmək məqsədilə növbəti mərhələdə Gövşadlı kəndi yaxın­lığında 15 subartezian quyusu qazılacaq. Bu mənbə hesabına Füzuli şəhəri ilə ya­naşı, rayonun bir neçə kəndi də içməli su ilə təmin olunacaq. 
Qeyd edək ki, Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məs­kunlaşan əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agent­liyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istisma­ra qaytarılıb. Eyni zamanda su mənbə­yində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stan­siyası, magistral su kəməri inşa edilib. Şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məh­suldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu da quraşdırılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, 2003-2023-cü illər ərzində respublikada 22 min kilometrdən çox su, 8 min kilometr­dən çox kanal və tullantı su xətləri çəki­lib. Eyni zamanda 320 içməli su anbarı yaradılıb, 174 nasos stansiyası tikilib, 1 milyon 500 su sayğacı quraşdırılıb. Həmçinin 45 yeni su mənbəyi yaradılıb. Eyni zamanda bu illər ərzində 54 şəhər və rayon mərkəzində su təchizatı və tul­lantı suların infrastrukturu layihələri icra olunub, onların 32-si tam başa çatdırılıb. Təqribən 1126 kənddə 1 milyon 500 min əhalini təmsil edən ərazidə içməli su təc­hizatı layihələri icra olunub, 28 tullantı su təmizləyici qurğu tikilib.
Vaqif BAYRAMOV XQ

Seçilən
171
1
Mənbələr
Şərh ()
Bağla