AZ

Çin Rusiya ilə ittifaq yaradacaqmı? - Xaqani Cəfərli yazır

Xaqani CƏFƏRLİ


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 8-9 aprel tarixində Çinə rəsmi səfərinin nəticəsini Moskvanın diplomatik qələbəsi kimi dəyərləndirmək olar. Çinli həmkarı Vanq İ ilə görüşdən sona Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva və Pekin həmfikir dövlətlərin iştirakı ilə Avrasiyanın təhlükəsizliyi barədə dialoqa başlamaq haqqında razılığa gəliblər. Bundan başqa, Rusiya və Çin Qərbin "ikiqat cilovlama" siyasətinə cavab olaraq "ikili əks-tədbir" yaratmaq barədə razılığa gəliblər.

Çinin xarici işlər naziri Vanq İ də rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra bildirib ki, Çin dünya miqyasında Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindədir: "Biz bir-birimizə güclü dəstək verəcəyik və çoxtərəfli əməkdaşlığımızı artıracağıq".

Ehtimal olunur ki, nazirlərin bəhs etdiyi əməkdaşlıqla bağlı rəsmi sənədlər Rusiya və Çin dövlət başçılarının görüşündə imzalana bilər. Dövlət başçılarının may ayında görüşü planlaşdırılır. Ümumiyyətlə, Çin dövlət başçısı Si Cinpinin 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putinlə ən azı iki dəfə görüşməyi planlaşdırdığı haqqında məlumatlar var.

Çinlə Rusiya arasında münasibətlər yaxınlaşdıqca Pekinlə Vaşinqtonun münasibətlərində gərginlik artır. Aprelin 4-dən 9-dək Çində səfərdə olan ABŞ-nin maliyyə naziri Janet Yellen Çin banklarını və şirkətlərini Ukraynaya qarşı müharibədə Rusiyaya yardım etdikləri üçün "ciddi nəticələrlə üzləşəcəkləri" barədə xəbərdar edib. Çinin bir neçə böyük bankı ABŞ-nin sanksiyasına məruz qalmamaq üçün Rusiyadan yuanla ödənişləri qəbul etməyi hələ mart ayında dayandırıblar. Sergey Lavrovun Pekinə səfərindən sonra Vaşinqtondan Çinə xəbərdarlıqlar daha da artıb. ABŞ dövlət katibinin müavini Kurt Kempbell Rusiyanın Ukraynada yeni torpaqlar işğal edəcəyi halında Çinin məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edib. Yaxın həftələrdə ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri gözlənilir. Ancaq dövlət katibinin gözlənilən səfərinin Pekinin xarici siyasətinə ciddi təsir edəcəyi az ehtimal olunur. Son illər, xüsusilə də Rusiya Qərbdən Şərqə dönüş etdikdən sonra Pekinlə Moskva arasında münasibətlər xeyli dərinləşib. Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 26.3 faiz artaraq rekord həddə - 240,11 milyard dollara çatıb. Ticarət dövriyyəsinin artması ilə yanaşı, Çinin Rusiyaya siyasi dəstəyi də artır. Çində hesab edirlər ki, Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həlli üçün istənilən addım əbəsdir. Pekin eyni zamanda Ukrayna prezidenti Volodimir Zelenskinin irəli sürdüyü "Sülh formulu"na da soyuq yanaşır.

Çinlə Rusiya arasında münasibətlərin təməlində isə Sergey Lavrovun qeyd etdiyi kimi, "diktatura, hegemonluq, yeni müstəmkəçiliyə yer olmayan ədalətli çoxqütblü dünya nizamının yaradılması uğrunda birgə mübarizə" dayanır.

Rəsmi Pekindən fərqli olaraq Çinin biznes dairələri strateji əhəmiyyətə malik ticarət tərəfdaşları olan ABŞ və Avropa İttifaqı ilə münasibətlərdəki gərginlikdən narahatdır. ABŞ və Avropa İttifaqı ilə münasibətlərin soyuması Çin biznesinə təzyiqləri artırır. Çinin böyük bankları və şirkətləri ABŞ və Avropa ilə münasibətləri rəsmi Pekindən fərqli olaraq daha önəmli saysalar da, Si Cinpin hökumətinin siyasətinə təsir göstərə bilmirlər. Çinin biznes dairələri Qərblə iqtisadi münasibətlərinin pisləşməsi nəticəsində ölkə iqtisadiyyatının durğunluğa girəcəyindən ehtiyat edirlər. Lakin hələlik Si Cinpin hökuməti fərqli siyasət aparmağa üstünlük verir.

Vaşinqtonda bunu aydın gördükləri üçün Çinə qarşı iqtisadi sanksiyalarla yanaşı, region ölkələri ilə münasibətlərini dərinləşdirməklə Pekinin hərbi-siyasi iddialarını da cilovlamağa çalışırlar. Ötən həftə keçirilən ABŞ-Yaponiya-Filippin üçtərəfli sammiti də bu məqsədə xidmət edir. ABŞ-nin Cənubi Çin dənizindəki adalara görə Çinlə mübahisəli vəziyyətdə olan Filippini müdafiə edəcəyinə vəd verməsi Pekinin hərbi-siyasi iddialarını cilovlamağa xidmət edir. Qeyd edək ki, mübahisəli adalara görə çinlilərlə qarşıdurmada son zamanlarda dörd filippinli dənizçi yaralanıb. Halbuki həmin adalar Filippinin 200 millik iqtisadi zonası daxilindədir. Çin qonşu dövlətlərin iqtisadi zonaları da daxil olmaqla, demək olar ki, bütün Cənubi Çin dənizinə iddia edir. Vaşinqton isə Hind-Sakit okean regionunda Çin ekspansiyasının qarşısını hərbi və iqtisadi ittifaqların oxunu genişləndirməklə almaq istəyir. ABŞ-nin Yaponiya, Filippin və Avstraliya ilə birlikdə Cənubi Çin dənizi və Şərqi Çin dənizində keçirdiyi hərbi təlimlər də buna xidmət edir.

Pekində isə hesab edirlər ki, Bayden administrasiyası Çin sahilləri boyunca dənizlərdən Himalay dağlarına qədər uzanan ərazidə müttəfiqlik qurur. Stokholm Sülh Araşdırmaları İnstitutunun Çin proqramının direktoru Jin Dongyuan bildirir ki, ABŞ və müttəfiqləri Çini cilovlamaq istəyirlər. "Çin isə açıq şəkildə bundan narahatdır. Ancaq Çinin ABŞ-nin bu siyasətinə cavab vermək üçün imkanları məhduddur". Buna görə Rusiya ilə əməkdaşlıq Çində yeganə çıxış yolu hesab olunur. Lakin Çində Rusiyaya ilə əməkdaşlığın Qərblə əməkdaşlığın önünə çıxarılmasını səhv hesab edənlər də var. Rusiyanın Ukraynada qalib ola bilməyəcəyini, əksinə, müharibənin sonunda çox böyük fəlakətlə üzləşəcəyini düşünənlər Si Cinpinin hökumətinin siyasətini ehtiyatlı şəkildə olsa da, tənqid edirlər.  

Çox böyük ehtimalla, Çinin rəsmi siyasətini əsas müəyyən edəcək hadisə Si Cinpinin Avropaya səfərinin nəticələri olacaq. Çox böyük ehtimalla, Çin dövlət başçısının Avropaya səfəri may ayında gerçəkləşəcək. Si Cinpinin Avropaya səfəri çərçivəsində Çin dövlət başçısının Fransaya səfəri xüsusilə diqqət çəkicidir. Son zamanlar Avropanın siyasi lideri kimi çıxış edən Fransanın Çindən də tələbləri var. Rusiyaya qarşı siyasətini kəskinləşdirən Fransa Çindən Moskva ilə münasibətlərində məsafə saxlamağı tələb edə bilər. ABŞ-la münasibətləri soyuyan Çin Avropa ilə əlaqələrini təhlükəyə ata bilməz. Bunun nəticəsi Çin iqtisadiyyatı üçün çox ağır olar. Buna görə, Çinin Rusiya ilə Qərbə qarşı ittifaq yaradacağı ehtimalı çox azdır.

 






















Bizi İnstagramda izləyin

Seçilən
175
50
Mənbələr
Şərh ()
Bağla