AZ

Lionel Messi qol vurdu, “İnter Mayami” səfərdən qələbə ilə döndü

Futbol üzrə Argentina millisinin ulduz hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Messinin komandası MLS-in müntəzəm mövsümü çərçivəsində “Sportinq Kanzas-Siti”nin qonağı olub.

Kanzas-Siti şəhərindəki “Arrouhed Stedium” arenasında keçirilmiş oyun “İnter Mayami”nin 3:2 hesablı səfər qələbəsi ilə başa çatıb.

Oyunun 6-cı dəqiqəsiində Erik Tommi meydan saiblərini hesabda önə çıxarıb – 1:0. 18-ci dəqiqədə Dieqo Qomes “vağlar”ın bərabərlik qolunu vurub – 1:1. Fasilədən sonra, 51-ci dəqiqədə Messi “İnter Mayami”ni yenidən hesabda irəli salıb – 2:1. 58-ci dəqiqədə Erik Tommi bərabərliyi təmin edib – 2:2. 71-ci dəqiqədə isə “İnter Mayami”nin uruqvaylı ulduz hücumçusu Luis Suares komandasına qələbə gətirən qolu vurub – 3:2.

Hazırda “İnter Mayami” 9 oyundan 15 xalla MLS-in yarış cədvəlinə başçılıq edir.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 21 oyun, 17 qol və 8 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
152
24
Mənbələr
Şərh ()
Bağla