AZ

Ötən il 801 məhkum əfv olundu, bəs bu il kimlər azad olunacaq?

Fazil Mustafa: “Konkret şəxslərlə bağlı məlumat vermək konfidensiallıq baxımından doğru deyil”; Əfv Komissiyasının ilk iclasında 700 müraciətdən 100-ünə baxılıb

Məlum olduğu kimi, aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb. Məlumata görə, bu il 700-dən çox müraciət nəzərdən keçiriləcək. İclaslarda qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri törədənlər, ömürlük azadlıqdan məhrum edilənlərlə və başqaları ilə bağlı müraciətlərə baxılacaq.

Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Fazil Mustafa “Yeni Müsavat”a şərhində bildirdi ki, əfv sərəncamının ayın neçəsində verilməsi Prezidentin sərəncamında olan məsələdir. O qeyd edib ki, aprelin 8-nə kimi bir iclas keçirilib: “Müzakirələr nəticəsində əfvə düşən, yaxud həbs müddəti azaldılan şəxslərin siyahısı bəlli olacaq. Hələ cəmi bir iclas keçirmişik və 100-dən artıq məhbusun məsələsinə baxılıb. Növbəti mərhələlərdə digər şəxslərin məsələlərinə baxılacaq. Hələ ki konkret şəxslərlə bağlı məlumat vermək konfidensiallıq baxımından doğru deyil. Həm də bu barədə dəqiq məlumat yoxdur. Kimlərin əfv olunmasının vacibliyi müzakirələr üçün nəzərdə tutulan məsələdir. Mən əfv kateqoriyasına uyğun gələn şəxslərin həbsdən azad olunması, yaxud həbs müddətinin azaldılmasına normal yanaşıram. Bunun həlli üçün normal, demokratik ortamda  müzakirələr aparılır. Səsvermə nəticəsində ortaq məxrəcə gəlinir”.   

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının üzvü Rəşad Məcid isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ötən həftə keçirilən iclasda 700-dən artıq müraicətin 100-ünə baxıldı: “Əfv  Komissiyası fərdi müraciətlərə baxır. Müraciətlərin hər birinə komissiya üzvlərinin münasibəti ilə qərar çıxarılır. İclaslar davam edəcək, müsbət rəy verilənlər cənab Prezidentə təqdim olunacaq”. 

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə mətbuata açıqlamasında bildirib ki,  əfv Prezidentin müstəsna səlahiyyəti olduğundan hansısa məhkumun bağışlanması ancaq onun sayəsində baş tuta bilər: “Əfv olunan şəxsin hansı cinayəti törətməsi ilə bağlı hər hansı qanuni məhdudiyyət yoxdur. Çünki əfv institutunun fəlsəfəsində mərhəmət durur. Əlbəttə, əfvin tətbiqi ilə bağlı meyarlar var. Əfv tətbiq edilərkən hər şeydən əvvəl məhkumun şəxsiyyətinə, etdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə diqqət edilməlidir. Əgər məhbus yüksək ictimai təhlükəlilik dərəcəsi olan cinayət törədibsə, əlbəttə, bu şəxsin əfv olunması ilə bağlı ciddi yanaşmalar olacaq. Eyni zamanda məhbusun cəza çəkdiyi müddətdə davranışının necə olması, özündə kriminal elementləri saxlayıb-saxlamaması müşahidə olunur. Digər tərəfdən, cinayətdən zərər çəkmiş şəxsin özü və ya yaxınlarının özlüyündə məhbusu bağışlaması da nəzərə alınır. Məsələn, ömürlük həbs olunmuş məhbuslar var ki, bir neçə şəxsin qətlində günahkardırlar və belə şəxslərin əfv olunması elə də asan məsələ deyil. Bu istiqamətdə Əfv Komissiyasının məhbuslarla bağlı rəyi Prezidentə təqdim olunur”.

Hüquqşünas eyni zamanda qeyd edib ki, əfvdən fərqli olaraq, amnistiya konkret kateqoriyalara aid cinayətlərlə bağlı həbs olunmuş məhbuslara aid edilir: “Amnistiya əfvdən fərqli olaraq, qeyri-müəyyən sayda şəxsə aid edilən institutdur. Burada ayrı-ayrı kateqoriyadan olan cinayətlərin amnistiyaya düşüb-düşməməsinə baxılır. Digər tərəfdən, amnistiya məhkum edilməmiş şəxslərə də aid edilə bilər, yəni barəsində cinayət işi açılmış və istintaqı davam edən şəxslərə. Amnistiya ilə bağlı da bir çox meyarlar var. Tutaq ki, şəhid ailəsi üzvlərinə, Vətən müharibəsi qazilərinə və yaxud ailə vəziyyəti daha fərqli olan məhbuslara amnistiya tətbiq olunur. Amnistiya Milli Məclisin aktı ilə tətbiq olunur. Xüsusilə ağır cinayətlər amnistiyaya düşmür”.

Xatırladaq ki, sonuncu dəfə ötən ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Seçilən
98
50
Mənbələr
Şərh ()
Bağla