AZ

İsrail Qəzzanın cənubunu tərk edir - Netanyahunun istefası tələbi ilə AKSİYA

İsrail ordusu dörd aylıq döyüşlərdən sonra Qəzzanın cənubundakı Xan Yunis qəsəbəsində aktiv əməliyyatlarda iştirak edən bütün quru qoşunlarını çıxarıb.

 

Modern.az-ın məlumatına görə, anklavın cənub bölgələrində Qəzza zolağını ayıran dəhlizin mühafizəsi ilə məşğul olan yalnız bir briqada qalıb.

 

İsrail bir milyondan çox fələstinlinin sığındığı Misirlə sərhəd yaxınlığındakı Rəfah şəhərinə tezliklə qurudan hücuma keçməyi planlaşdırır. Qoşunların Xan Yunisdən çıxarılmasının bu planlara necə təsir edəcəyi bəlli deyil.

 

BMT dəfələrlə xəbərdarlıq edib ki, Rəfahda hər hansı əməliyyat humanitar fəlakətlə nəticələnə bilər.

 

“Hərbi kampaniya daim təkmilləşir və bu, müharibənin başqa bir mərhələsidir. Xan Yunis bölgəsindəki missiyamızı başa vurandan bəri qoşunların rotasiyası baş verdi deyə", - İsrail Müdafiə Qüvvələrinin sözçüsü polkovnik-leytenant Peter Lerner bildirib.

 

O əlavə edib ki, qüvvələrin sayı getdikcə azalır, lakin həyata keçirilməli olan əməliyyatların sayı artır: İsrail Müdafiə Qüvvələri Qəzza zolağında sadəcə Qəzzaya nəzarəti ələ keçirmək üçün deyil - bu heç bir şəkildə məqsəd deyil, onlar həm də HƏMAS-ı məhv etmək və girovları geri qaytarmaq üçün oradadırlar”.

 

Lerner bildirib ki, Rəfah HƏMAS-ın qalasıdır və orada dörd israilli batalyon yerləşdirilib. O xatırladıb ki, mart ayında Rafah bölgəsindən iki girov azad edilib.

İsraildə etiraz aksiyaları 

 

Ötən həftənin sonu İsraildə minlərlə insan etiraz aksiyası keçirib, onların iştirakçıları baş nazir Benyamin Netanyahunun istefasını və altı ay əvvəl İsrail ərazisinə hücum zamanı HƏMAS qruplaşmasının əsir götürdüyü girovların azad edilməsini tələb ediblər.

 

Təl-Əvivdə və İsrailin digər şəhərlərində nümayişlər İsrail hərbçilərinin girovlardan birinin cəsədinin qaytarıldığını açıqlamasından sonra başlayıb.

 

Küçələrə çıxan sakinlər hesab edirlər ki, Netanyahu hökuməti Qəzzada hələ də HƏMAS-ın saxladığı 130-a yaxın girovu azad etmək iqtidarında deyil.

 

Etirazlarda iştirak edənlər arasında girovların yaxınları da olub.

 

Cəsədi qaytarılan əsirin bacısı Carmit Palti Katzir "Facebook"da yazıb ki, əgər İsrail hakimiyyəti atəşkəsə razılaşsaydı, qardaşı evə sağ qayıda bilərdi. “Liderlərimiz qorxaqdır və siyasi mülahizələrlə idarə olunur. Buna görə də heç bir razılaşma yoxdur Baş nazir, Hərbi Nazirlər Kabineti və koalisiya üzvləri! Güzgüdə özünüzə bax və mənə deyin ki, əlləriniz qana bulanmayıb”, - o qeyd edib.

 

Təşkilatçıların məlumatına görə, etirazlarda 100 minə yaxın, digər mənbələrə görə isə iştirakçıların sayı 45 minə yaxın olub.

 

Təl-Əvivdə nümayiş zamanı avtomobil izdihamın üzərinə çırpılıb, nəticədə 5 nəfər yaralanıb, sürücü isə həbs edilib. Bəzi hallarda nümayişlər polislə toqquşmalarla müşayiət olunub.

Qahirədə danışıqlar

 

Bu arada Qəzza zolağında atəşkəsə dair danışıqlar Qahirədə davam edəcək.

 

Məlumata görə, İsrail və HƏMAS nümayəndələri arasında keçiriləcək məsləhətləşmələrdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman əl Tani də iştirak edəcək.

 

HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu nəticəsində böyük əksəriyyəti mülki şəxslər olmaqla təxminən 1200 israilli həlak olub. Yaraqlılar həmçinin 253 girovu əsir götürərək Qəzzaya gətirib, onlardan bəziləri azad edilib. Əsir düşən 129 nəfərin taleyi naməlum olaraq qalır. 

 

Hücumdan sonra İsrail HƏMAS qruplaşmasını məhv etmək niyyətində olduğunu bəyan edib və Qəzza zolağına hücuma başlayıb. Anklavın HƏMAS-ın nəzarətində olan səhiyyə nazirliyinin məlumatına görə, o vaxtdan bəri Qəzzada 33 mindən çox insan öldürülüb.

Seçilən
185
50
Mənbələr
Şərh ()
Bağla