AZ

5 apreldə “erməni qaçqınları” GÜNDƏMDƏ olacaq - Onlar Qarabağdan çıxanda planlaşdırırdılar ki...

Aqil Abbas: “Beş bacım, qardaşım, atamla qaçqın düşdük, bizimlə maraqlandılarmı?!”

Akif Nağı: “Ağılları çatmır ki, Qərb onlardan Azərbaycana, Türkiyəyə qarşı alət kimi istifadə etmək istəyir”

5 aprel Brüsseldə keçirilməsi planlaşdırılan məlum görüşdə “erməni qaçqınlarına dəstək” məsələsi də müzakirə ediləcək.

Musavat.com-un məlumatına görə, bunun üçün fond yaradılması planı da var.

Bəs, gözü kor olmuş Qərb yüz minlərlə azərbaycanlı qaçqın-köçkünün dərd-sərini 30 il niyə görməzdən gəldi?

Elə indinin özündə Ermənistanın təcavüzkar siyasəti nəticəsində məcburi köçkün düşən azərbaycanlıların öz ata-baba yurduna təhlükəsiz qayıdıb yaşamaq kimi ən elementar haqqına niyə dəstək verilmir? 36 il öncə Qərbi Azərbaycandan qovulan 200 mindən çox Azərbaycan türkünün öz yurd-yuvasına qayıdış haqqını niyə Qərb siyasətçilərindən kimsə dilinə gətirmir?

Xatırlatmaq yerinə düşər ki, 2023-cü il oktyabrın 12-də Fransanın təşəbbüsü ilə bir qrup ölkə (28 dövlət) BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat vermişdi.

BEYAN

Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən erməni köçü ilə bağlı əsassız iddialar və şər-böhtan yer almışdı. Halbuki ermənilərin Qarabağdan necə rahat, hər hansı məcburiyyət, zorakılıq olmadan çıxdığının hər kəs şahidi idi. Buna dair yüzlərlə dəlil-sübut, o cümlədən videofaktlar var. Köç edən ermənilərin özləri etiraf edirdi ki, onlar öz xoşları ilə gedirlər, hər hansı zorakılıqla üzləşməyiblər.

Azərbaycan dövləti antiterror tədbirlərindən sonra reinteqrasiya istiqamətində də davamlı addımlar atdı. Xatırladaq ki, həmin dönəmdə icma nümayəndələri ilə üç görüş reallaşdı – Yevlaxda və Xocalıda.

YEVLAX

Həmçinin Azərbaycan prosesi sürətləndirmək üçün dövlət səviyyəsində İşçi Qrupu yaratdı. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə “reintegration.gov.az” portalı istifadəyə verildi. Ermənilərin qayıtmaları üçün şans verilsə də, müraciət sayı az oldu.

Ekspertlər hələ o zaman ermənilərin kütləvi olaraq Qarabağı tərk etməsinin və onların qayıtmaması səbəbinin arxasında gizli planların olduğunu bildirirdilər, bunu ermənilərin dünyada bizim haqqımızda qərəzli, doğru olmayan fikir yaratmaq istəyi ilə əlaqələndirirdilər.

5 aprel görüşü və münaqişə nəticəsində qaçqın düşən əhaliyə münasibətdə ayrı-seçkiliyi dəyərləndirmək üçün tanınmış ekspertlərə müraciət etdik.

aqil.jpg

Milli Məclisin deputatı Aqil Abbas mövzu ilə bağlı Musavat.com-a bunları dedi:

“Erməninin qaçqını varmı?! Qarabağda erməni var idi, onun da çoxu o vaxt çıxıb getmişdi. Əksəriyyəti də Stavropola getmişdi, Kislovodska, Yessuntikiyə gedib soruşsanız, hamısı Qarabağ erməniləridir. 30-40 min olardılar. Bəs onda biz 1 milyon qaçqını necə qarşılamışdıq, necə yerləşdirmişdik... Söhbət ondan gedir ki, Ermənistan xaricdən adam gətirir ki, ölkəni doldursun. Dünyanın hər yerindən məcburi adam köçürürdülər. Nə oldu, 30-40 min adamı saxlamağa yerləri yoxdur?! Bunlar hamısı oyundur. Bizə təzyiq vasitəsidir. Bizə heç kim təzyiq göstərə bilməz. Mediada danışacaqlar, lobbiləri təbliğat aparacaq, “erməniləri sıxışdırırlar, qaçqın düşüblər” deyib yalan xəbərlər yayacaqlar. 30 il mən qaçqın düşmüşəm, biri mənə kömək edib, maraqlanıbmı? Beş bacım, bir qardaşım, atamla kimsə maraqlandımı, Azərbaycan hökumətindən başqa. Bizə təzyiq vasitəsidir.

Bir məqamı da diqqətə çatdırım. NATO Ukraynada ruslara uduzub. İndi istəyirlər ermənilərin əli ilə Qafqazda nə isə etsinlər. Amma gücləri çatmır. O cümlədən, İran da bunun əleyhinədir, çünki onun da “qırmızı xətti” var, İran qoyarmı başqa dövlətlər, NATO, yaxud Avropa dövlətləri gəlib Ermənistanda hegemonluq etsin, qoşun gətirsin. Buna imkan verməz. Amerika vaxtilə istəyirdi ki, Azərbaycanda baza yaratsın, oradan İranı vurmaq üçün istifadə etsin. Bizim dövlət icazə vermədi, dedik ki, ərazimizdən qonşuya heç daş da atıla bilməz. Amma erməni qonşulara daş ata bilər, İran da bunu çox gözəl anlayır”.

NAGİ.jpg

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Qərbin ikili standartlarını dəfələrlə görmüşük:

“Bizim qaçqın-köçkün dediyimiz problemimiz bu gün də qalır. 300 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan, Ermənistan deyilən yerdən çıxarılıb. Buradakı məcburi köçkünlərimizin cüzi bir hissəsi, bu ilin əvvəlinə qədər təqribən 5 minə yaxın vətəndaş öz evinə qayıdıb. Amma 600-700 minə yaxın vətəndaş yenə də köçkün həyatını davam etdirir. Bunların heç birini görmək istəmirlər. Orada yalandan deyirlər 100 min erməni, əslində 15-20 min erməni heç Qarabağda yaşamırdı. Onunla bağlı kampaniya aparırlar, pul yığırlar, fond yaradırlar. Bu, onların əsl simasını göstərir ki, bunlar yalnız xristian təəssübkeşliyi prizmasından yanaşırlar, islama qarşı düşmən mövqeyindədirlər. Digər millətlərə qarşı düşmən mövqeyindədirlər. Çox təəssüf ki, biz bununla rastlaşırıq. Onsuz da ermənilər Qarabağdan çıxanda planlaşdırırdılar ki, bundan hansısa formada istifadə etsinlər. Amma ermənilər başa düşmürlər ki, onların özündən alət kimi istifadə edirlər. Anlamırlar ki, qurbanlıq qoyundurlar, bəsləyirlər ki, nə vaxtsa bıçaq altına gedəcəklər. Paşinyan arada bunu başa düşmüşdü. Rusiyanın onlardan 200 il ərzində alət kimi istifadə etdiyini başa düşdülər. Ağılları çatmır ki, indi də Qərb onlardan Azərbaycana, Türkiyəyə qarşı alət kimi istifadə etmək istəyir. Qərbin ən çox qorxduğu Turan dünyasının yaranmasıdır. Biz bunu anlayırıq, onlar da anladığımızı bilməlidirlər. Onların bu siyasətlərini neytrallaşdıran hərəkətlərimiz mütləq olmalıdır”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
137
50
Mənbələr
Şərh ()
Bağla