AZ

Murad Vəliyev üçün 90 dəqiqə və 1 sarı vərəqə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Estoniya çempionatında 2024-cü il mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

“Nomme Yunayted” səfərdə “Narva” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb – 0:2.

“Nomme Yunayted”ə fevral ayında qoşulmuş Vəliyev bu oyuna start heyətdə başlayıb və sonadək meydanda qalıb. O, 30-cu dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ cinah vingeri olan 21 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 10 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Komanda 4 turdan sonra 1 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
5
arena.az

10Mənbələr